Məqalə Səfəvilər dövründə ibtidai təhsil verən məktəblərlə bağlı məsələlərin araşdırılmasına həsr edilmişdir. Tarixi mənbələr Səfəvilər dövründə şəhərlərdə və kəndlərdə məktəblərin geniş şəbəkəsinin olduğu haqqında məlumat verir. Səfəvilərin zamanında məktəblərin ən geniş yayılmış forması məhəllə məktəbləri idi. Bu məktəblər əsasən məhəllədə yerləşən məscidlərin nəzdində fəaliyyət göstərirdi. Kitabxanalar və kitab dükanları, alimlərin evləri, saraylar (divan məktəbləri) və s. kimi məkanlarda da təhsil verilirdi. Yetim uşaqların təhsili üçün ayrıca “beyt ət-təlim” adlanan mək¬təblər var idi. Məktəblərdə şagirdlərə başlıca olaraq Quran və dinlə bağlı biliklər öyrədilirdi. Bu proses başa çatdıqdan sonra şagirdlər oxuma və yazma kimi vərdişlərə də yiyələnə bilirdilər. Təhsildə başlıca üsul əzbərçilik idi. Məhəllə məktəblərində dərs deyən müəllimlərin əksəriyyəti də mədrəsə təhsili görmüş və məscidlərdə çalışanlardan (axund, müəzzin, molla və s.) ibarət idi. Səfəvilər dönəmində məktəbə uşaqlar əsasən 4-10 yaşları arasına gedirdilər. Lakin bu istəyi erkən yaşlarında gerçəkləşdirə bilməyənlər,istədikləri yaşda ibtidai təhsillərini davam etdirmək üçün məktəblərə müraciət edə bilərdilər. Məktəblərə şagirdlərin qəbulu il boyu davam etdirilirdi. Məktəb təhsili pilləsindəşagirdlərin rəğbətləndirilməsi və cəzalandırılması kimi hallar da geniş yayılmışdı.